Dünya tarixində ən məşhur 10 qadın səyyah
Qadınların tək səyahət etməsiylə bağlı steorotip fikirlərin artıq qırıldığı bir dövrdəyik. Qadının tək səyahətə çıxmasının təhlükəli tərəflərini inkar etmək olmaz, amma problem ondadır ki, bu sterotip fikirlər çox vaxt xanım səyahətçilərin şəxsiyyətinə istiqamətlənmiş olur. Aşağıda tarixdə iz qoymuş 10 qadın səyyahın hekayələrini sizlərə təqdim edirik :
1) 4-cü əsrdə Egeria adlı qadın Müqəddəs Torpağı ziyarət üçün səyahət edən və ətraflı səyahətnamə yazan ilk qadın olaraq tarixə keçmişdir . Qalyalı olduğu və ya Şimali İspaniyadan olduğu düşünülür. Latın dilində yazılmış və içindəki məlumatlara görə eramızın 380-ci ilində yazılmış səyahətnamə bu xüsusiyyəti ilə sahə üzrə ilk olaraq qəbul edilir.
2) Jeanne Baret dünyanı dəniz yolu ilə səyahət etmiş ilk qadın səyyahdır. O, kişi geyimləri geyinərək özünü Jean Baret kimi təqdim edib və 1766-1769-cu illər arası dünya səyahətinə qoşuldu. Botanist olan Fransalı Jeanna qadınların gəmiyə buraxılmadığını çox yaxşı bildiyindən (bu uğursuzluq sayılırdı) özünü kişi kimi göstərib dünyanı dövrə vuran ilk qadın olaraq tarixə imza atdı.
3) Ərəblərin "Çölün qızı", "İraqın Tacsız Kraliçası" adlandırdığı Gretuda Bell Oxfordda tarix üzrə təhsil alırdı və burada yüksək göstəricilərlə məzun olan ilk qadın oldu. Məktəbdən məzun olduqdan sonra səyahət etməyə qərar verən Bellin Avropa və Orta Şərqə çox sayda səyahətləri oldu. Növbəti illərdə dağ səyahətləri ve dünya turlarıyla maraqlanmağa başlayan Bell 1897-1898 və 1902-1903 olmaqla iki dəfə dünya turuna başladı. 1899-cu ildə Qüdsə olan səfərindən sonra ərəblərə qarşı böyük bir sevgi və maraq duymağa başladı. Ərəb çöllərində səyahətləri oldu və qərbə çöl həyatını anladan yazılar yazdı.
4) O, 1940-cı ildə yazdığı "Macera ilə evləndim" kitabı ilə məşhurlaşan Osa Helen Leighty 1910-1917-ci illər arasında baş tutmuş səyahətləri və sənədli filmləri ilə tanınır. O, dünyanın ilk qadın sənədli film rejissorlarından biridir. Xüsusilə, vəhşi təbiətdəki kəşfləri ilə tanınan Osa Helen həyat yoldaşı fotoşəkillər və filmlər çəkərkən onu həm vəhşi təbiətin təhlükələrindən qorudu, həm də mətnlərini yazdı. Cənubi Sakit okean, Afrika, Borneo cütlüyün sevimli yerləridir. Cütlüyün çəkdiyi fotoşəkillər bu gün də bir çox sənədli filmlərdə istifadə olunur.
5) Emma Gatewood 67 Yaşında 3500 kilometrlik yolu piyada gedən ilk qadın olaraq tarixə keçib. 1954-cü ilin hansısa bir günündə diş həkiminə gedən Emma gözləmə otağında stolun üstündəki jurnalların arasından birini seçir və vərəqləməyə başlayır. Bu 1949-cu ildə dərc olunmuş “National Geographic” jurnalı idi. Jurnalın o sayında Amerikanın şərqini başdan-ayağa qədər keçən 3500 kilometrlik Appalachian yolu haqqında bir yazı vardı. Yazıda yolun uzunluğundan, çətinliyindən və bu yolu sona qədər gəzərək keçən insanlardan bəhs edilirdi. Məqalədə həmçinin bu yolun hələ indiyə qədər heç bir qadın tərəfindən yürüyərək keçilmədiyi qeyd edilirdi. Bu “hələ indiyə qədər” ifadəsi günlərlə Emmanın ağlından çıxmır və sonda bir qərar verir: Mən gedərəm bu yolu!
6) Laura Dekker yelkənli gəmi ilə tək başına dünyanı gəzən ən gənc səyyahdır. Hələ 13 yaşı olarkən yelkənli gəmiylə səyahətə çıxmağa qərar verir və təkbaşına gəmi vasitəsiyə Hollandiyadan İngiltərəyə gedir. Atası pis hava şəraitini əsas gətirərək qızının bu arzusundan imtina edəcəyinə ümid etsə də, Laura 14 yaşında yelkənli gəmi ilə ilk dünya səyahətinə çıxdı və 16 yaşında səyahətini bitirərək dünyanın ən gənc səyyahı olaraq tarixə düşdü. Ancaq Laura səyahət etməyi dayandırmayıb, dünyanı gəzməyə davam edir, macəralarını isə lauradekker.nl adlı bloqunda paylaşır.
7) Annie Londonderry velosipedlə dünya səyahəti edən ilk qadındır. Annie 1895-ci ildə velosipedlə dünya səyahətinə çıxanda 25 yaşı vardı və 3 uşaq anası idi. Daha öncə velosipedlə heç səyahətə çıxmamışdı, buna baxmayaraq 15 ayda dünya səyahətini tamamlamağı planlaşdırırdı. Annie bu səyahətlə qadının təkbaşına çətinliklərin öhdəsindən necə gələ biləcəyini test etmək istəyirdi. Test uğurla başa çatdı. Annie Londonderry dünya səyahətini tamamladıqdan sonra Nyu Yorkda jurnalist olaraq işləməyə başlayır. Xanım səyyahın özü haqqında dediyi məşhur ifadə: “Mən bir jurnalist və “modern qadın”am. Bu o anlama gəlir ki, mən kişilərin etdiyi hər şeyi edə biləcəyimə inanıram”. Annie bir çox qadını velosipedlə dünya səyahəti etməyə ilhamlandırıb.
8) Karen Darke küllərindən doğulan feniksə bənzəyir. 21 yaşında qayayadırmanma zamanı yıxıldıqdan sonra sinəsindən iflic olan Karenin macərası inadçı ruhu və dostlarının dəstəyi olmasaydı, sona çatardı. O, sizi təəccübləndirəcək təşəbbüslərdən ibarət qeyri-adi bir həyat yaşayır. 2007-ci ildə bu macəraçı qadın Qrenlandiyanın buz örtüyünü oturaq xizəkdə keçərək onu irəliləmək üçün qollarını istifadə etdi. Daha sonra o, Kanadadan Alyaskaya qədər dəniz xizəyi ilə 1000 mil məsafə qət etdi və Himalay dağlarını əl ilə gəzdi. Bu ilham verici qadın səyyah həm də London 2012 Paralimpiya Oyunlarında gümüş medal qazanıb və Rio 2016-da Paralimpiya Çempionu olub.
9) Valentina Tereşkova 22 yaşında yerli aviasiya klubunun köməyi ilə ilk dəfə paraşütlə tullandı. Tereşkova paraşütlə tullanma ilə məşğul oldu və onun peşəkar olması çox çəkmədi. Sonra o dövrdə kosmonavtlar üçün əsas bacarıq hesab edilən 1962-ci ildə Sovet kosmik proqramına qoşuldu. Sovet İttifaqının ABŞ ilə şiddətli kosmos yarışında qaldığı bir vaxtda o, dərhal siyahıya əlavə edildi. Həmin il iyunun 16-da kosmosa buraxılan Vostok 6 gəmisindəki yeganə qadın idi. O, ayrılmasından üç gündən bir qədər sonra (dəqiq desək, 48 orbit) iyunun 19-da atmosferə yenidən daxil oldu və kosmosa çıxan ilk qadın kimi tarixə düşdü.
10) Kassandra De Pecol dünyanın hər ölkəsini gəzən ilk qadın oldu! O, həm də əvvəlki rekordu yarım dəfə qıraraq dünyanı ən sürətli səyahət edən qadın oldu. Kassandranın Ekspedisiya196 adlandırdığı bu heyrətamiz macərasını tamamlaması 18 ay 26 gün çəkdi. O, səyahətinə 24 iyul 2015-ci ildə başlayıb və 2 fevral 2017-ci ildə başa çatıb. Kosovo, Tayvan və Fələstindən başqa o, 193 müstəqil ölkəyə səfər edib. Hər ölkədə cəmi bir neçə gün qalmasına baxmayaraq onun səyahətinin əsas məqsədi səyahət etmək deyildi. Çox vaxt turizm rəsmiləri və siyasətçilərlə görüşür, universitet tələbələri ilə söhbət edirdi. Kassandranın səyahəti təxminən 198.000 dollara başa gəldi. Bunun bir hissəsi sponsorlar tərəfindən qarşılanıb.
Əsmər Bağırova
Paylaş :