AVROPA TURİZMİNDƏ İŞÇİ AZLIĞI YAŞANIR
İşçilərin azlığı Avropa turizminə mənfi təsir göstərir.
Dünya Səyahət və Turizm Şurasının verdiyi hesabata görə Avropada turizm sektoru kadr çatışmazlığı səbəbindən çətin dövr yaşayır.
Şuranın araşdırmalarına əsasən, bu il sektorda 250 min turizm işçisi əskik olacaq, bu da hər 6 işdən birinin boş qalması deməkdir.
Avropa İttifaqında ümumilikdə 1,2 milyon açıq vakansiya olacaq. Hesabata görə, 2022-ci ildə İtaliya turizm sektorunda kadr çatışmazlığından ən çox təsirlənən ölkə olacaq.Təkcə Fransada 71 min iş yeri boş qalarkən, aviasiya sektoru ən çox təsirlənən sektorlar arasındadır. Böyük Britaniyada 128 min vəzifə hələ də doldurulmayıb. Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasından sonra restoran və otellər işçi tapmaqda çətinlik çəkir. Britaniya hökuməti isə xaricdən müvəqqəti işçilərin gətirilməsinə qarşı çıxmaqda davam edir.
Euronews-da yer alan xəbərə görə, Portuqaliya 49 min boş yerlə araşdırmaya daxil olan ölkələr arasında kadr çatışmazlığını ən az yaşayacaq ölkədir. Lakin araşdırma daha çox işçi cəlb etməyin yollarının olduğunu da vurğulayır. Bunlara daha əlverişli viza siyasəti ilə işçilərin mobilliyini asanlaşdırmaq, uzaqdan işləməyə icazə vermək, yenilikçi texnologiya və rəqəmsal həll yollarını qəbul etmək, işçilərə təlim proqramları və güzəştlər təqdim etmək daxildir.
Paylaş :