BİLİRDİNİZMİ? Monteneqro mədəniyyəti və adətləri
Adı "qara dağ" anlamına gələn Monteneqronun mədəniyyəti əyalətin özü qədər maraqlı, rəngarəng və unikaldır. Monteneqronun dağlı xalqı sərhədlər daxilində 1 milyondan az ola bilər, lakin bu 622,781 nəfər bölgəni, həqiqətən, xüsusi edən bir çox qəribə xüsusiyyətlərə malikdir.
Hər bir Balkan xalqının öz stereotipi var və Monteneqro onların arasında ən məşhuru ola bilər. Serbiya, Bosniya, Xorvatiya və digərlərindən Monteneqroluları təsvir etmələrini xahiş etsəniz, eşitdiyiniz ilk söz "tənbəl" olacaq, baxmayaraq ki, bu, hamıya aid deyil. Monteneqrolular həyata çox rahat münasibət bəsləyirlər, əvvəlcə dincəlməyi, sonra isə edilməsi lazım olan hər şeyi həll etməyi seçirlər. Monteneqroda tənbəllik o qədər məşhurdur ki, bu ölkə indi öz Dünya Çempionatını keçirir. Brezna kəndi 2012-ci ildən bəri hər il ölkənin ən tənbəl adamını tapmaq üçün müsabiqə keçirir. Qaydalar isə çox sadədir, sadəcə uzanmalısan. Ən gec ayağa qalxan qalibdir. Cari rekord 37 saatdır, buna görə də bu il yarışmağı planlaşdırırsınızsa, heç bir şey etməməyə çalışın.
Sönməz müstəqillik arzusu-Monteneqrolular azadlıq mövzusunda sərtdirlər. Əsrlər boyu bu kiçik dağ xalqı onu fəth etməyə gələn daha böyük ordularla vuruşdu və görünən odur ki, keçilməz görünən çətinliklər qarşısında müstəqilliyini qoruyub saxlaya bildi. Monteneqro Osmanlı İmperatorluğuna yüz illər boyu müqavimət göstərdi, qonşuları süqut etdikdən sonra uzun müddət sağ qaldı. Onun milli kimliyinin bu amansız müstəqillik arzusu üzərində qurulduğunu deyə bilərik.
Monteneqrolular mərasimlər mövzusunda həssasdırlar. Kiminsə toyuna gələ bilməsəniz, bu, anlayışla qarşılanar, amma dəfn mərasiminə gəlməməyiniz xatırlanacaq. Dəfn mərasimləri çox vaxt ictimai tədbirlərə çevrilir.
Bir digər Monteneqro ənənəsi yeni evlənənlərin nikah simvolu olaraq toy günü zeytun ağacı əkməsindən ibarətdir. Bu ənənə Kral Nikolanın hakimiyyəti dövründə qanuniləşdirildi.
Monteneqronun “Krvna Osveta” adlanan qan davası qanununa görə, burada bir Monteneqrolunun qohumunu biri öldürərsə, o, qatili və ya qatilin yaxın qohumlarından birini öldürməklə qisas almalıdır.
Monteneqroda da kum və ya xaç atası ənənəsi var. Bu şəxs uşağın doğulması münasibəilə, toy və ya vəftiz üçün seçilə bilər. Kum münasibəti ömürlük olur, özündə qayğı, məsləhət və davamlı sevgi ehtiva edir. Bayramlar, məhsul yığımı və xüsusi tədbirlərə , həmçinin adi günlərdə qəhvə içməyə kum dəvət edilir. Bəziləri kum münasibətini ölkənin ən sağlam və ən yaxşısı adlandırırlar.
Paylaş :